İranda dərin siyasi və sosial narazılıq atəşi hələ sönməyib
İranın bir neçə şəhərində fars-molla rejiminə qarşı yenidən etiraz aksiyaları başlayıb. Tehran, Məşhəd, Sənəndəc, Məlayir və Soyuqbulaq (Mahabad) şəhərlərinin küçələrində nümayişlər keçirilib. Etirazçılar “ölüm olsun edam respublikasına”, “biz yenidən qayıtdıq, inqilab davam edir”, “ölüm olsun Xamneiyə” və başqa şüarlar səsləndiriblər. Aksiyaları genişləndirən əsas səbəblərdən biri də İranda molla rejiminə qarşı çıxdıqları üçün həbs edilənlərin kütləvi edam olunmasıdır.
Mövcud rejimə etiraz etdiyi üçün edam edilənlərin sayı gündən-gündən artmaqdadır. Edama məhkum olunanların anaları da aksiyalara qoşulublar. Onlar repressiv qüvvələrə qarşı şüarlar səsləndirib və uşaqlarının azadlığa çıxmasını tələb ediblər.
Təbriz Araşdırmaları İnstitutunun sədr müavini, dr. Babek Şahed “Şərq”ə açıqlamasında bildirib ki, İranda baş verən proseslər ölkəni yeni mərhələyə çıxarıb. Ekspertin sözlərinə görə, “nə olur-olsun, köhnə İran olsun” məntiqi işləməyəcək:
“İranda sosial bazada köklü və geri dönüşü qeyri-mümkün dəyişikliklər, transformasiyalar baş verib. İran hökuməti sosial bazadakı dəyişikliklərin siyasi hakimiyyətə, dövlətin məntiq və mexanizminə yansımasının problemini yaşayır. Son bir ayda İranda vəziyyətin nisbətən normallaşdığı görüntüsü yaransa da, bu, müvəqqəti haldır. İran cəmiyyəti ilk fürsətdə, xüsusən cəmiyyətin həssaslığına toxunan bir hadisə olduğunda yenə küçələrdə rejim əleyhinə nümayişlərə başlayacaq. Bir neçə gündür bəzi şəhərlərdə davam edən nümayişlər də bunu göstərir. İranda dərin siyasi və sosial narazılıq atəşi hələ sönməyib və kül altında köz kimi mövcud olmaqda davam edir. İlk küləkdə köz yenidən alovlanacaq. İranda baş verən etirazların əsas səbəbi rejimin ciddi legitimlik böhranından əziyyət çəkməsidir. Ara-sıra küçələrdə sakitlik olması Tehran hökumətinin legitimlik əldə etməsi kimi görülməməlidir. Zahidan başda olmaqla Sistan və Bəlucistan bölgəsində etirazlar son 5 ayda fasiləsiz davam edir və artıq ənənə halını almaqdadır. Hər cümə günü cümə namazından sonra bəluc xalqı rejimə və inqilab lideri Xameneiyə etirazını bildirir”.
Babek Şahed bildirib ki, nümayişlərin davamlı olmasının ən mühüm nəticəsi rejimin yekun qərar verməsi ilə nəticələnə bilər:
“İranın sosial tələbləri nəzərə almadan indiki şəraiti davam etdirməsi, paralel olaraq cəmiyyəti sakitləşdirməyə, onları özünə tabe etdirməyə çalışması qeyri-mümkündür. İran son qərarını verərək ya tam diktatura, şəriət və fiqh hökmlərinin qanuniliyi ilə ictimai tələblərə məhəl qoymamalıdır, ya da ictimai tələblərə boyun əyərək struktur islahatları aparmalıdır. Ancaq düşünürəm ki, bu, Xamneyinin ölümündən sonra İranın yaşayacağı keçid dövründə baş verəcək. Yəni nə qədər ki, Xamneyi sağdır, İran rəhbərləri vəziyyəti bu və ya digər şəkildə idarə etməyə çalışacaqlar. Amma Xamneyinin ölümündən sonra onlar son qərarlarını verməli olacaqlar. İndiki etirazlar İranda toplumun dəyişməsini göstərir ki, bu da siyasi gücə təsir göstərən ən mühüm faktordur və prosesdə təsirli olacaq”.
Bakınız: İranda dərin siyasi və sosial narazılıq atəşi hələ sönməyib
PDF olarak gazete formatında indirmek için BURAYA ya da alttaki fotoğrafa tıklayınız